Qabriel Paulista və Yonas Svensson “Beşiktaş”ı tərk etdilər

“Beşiktaş” iki futbolçusu – mərkəz müdafiəçisi Qabriel Paulista və sağ cinah müdafiəçisi Yonas Svenssonla yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçunun Türkiyə klubu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qabriel Paulista 2024-cü ilin yayında Madrid “Atletiko”sundan azad agent kimi “qara qartallar”ın düşərgəsinə qoşulmuşdu. 35 yaşlı müdafiəçi Türkiyə nəhənginin heyətində 45 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu karyerası ərzində “Valensiya”, “Vitoriya”, “Arsenal”, “Vilyarreal”, “Atletiko” kimi klubların da şərəfini qoruyub.

Yonas Svensson isə “Beşiktaş”a 2024-cü ilin yanvarında “Adana Dəmirspor”dan azad agent kimi gəlmişdi. Norveçli futbolçu “qara qartallar”ın heyətində 71 oyun keçirib, 1 qol və 6 assistlə yadda qalıb. 32 yaşlı müdafiəçi karyerası ərzində “Rusenborq”, “Alkmar” və “Adana Dəmirspor”da da çıxış edib. O, Norveç yığmasında da 23 oyun keçirib, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: