“Sabah”ın hücumçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 15-ci qolunu vurub.
Arena.az xəbər verir ki, almaniyalı futbolçu 25-ci tur çərçivəsində qarşılaşdıqları “Sumqayıt”la ev görüşündə (3:1) fərqlənib.
Mikels 2-ci dəfə Premyer Liqada ən azı 15 qol səddinə çatır. O, 2022/2023-ci illər mövsümündə 17 qola sevinib.
Coy Lens Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vurmuş ikinci legioner futbolçudur. Ona qədər yalnız Bahodir Nasimov bunu bacarıb. Özbəkistanlı forvard “Neftçi”nin heyətində 2010/2011-ci illər mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənmişdi.
Xatırladaq ki, Mikels 2021-ci ilin iyul ayından 2023-cü ilin avqustuna qədər “Sabah”da çıxış edib. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ilin yayında “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens 2024-cü ilin yayında yenidən Azərbaycan klubuna qayıdıb. Almaniyalı vingerin “bayquşlar”la bu ilin yayınadək müqaviləsi mövcuddur. O, “Sabah”da bütövlükdə 130 oyuna 67 qol və 30 məhsuldar ötürmə müəllifi olub.
Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların uğurları üçün çalışıb.


