“Qarabağ” və “Neftçi”dən birgə bəyanat

“Neftçi” və “Qarabağ” klubları Premyer Liqanın 29-cu turunda sabah baş tutacaq qarşılaşmadan öncə birgə bəyanat yayıblar.

Arena.az xəbər verir ki, sözügedən klublar azarkeşlərə səslənərək, onları qaydalara riayət etməyə çağırıblar.

Hər iki klubun yaydığı birgə bəyanatda qeyd olunub ki, 26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti “Neftçi Arena”ya yönələcək:

“Dörd gün aralıqla Azərbaycan Premyer Liqasının oyunları çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları iki dəfə üz-üzə gələcəklər. Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir. Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Neftçi” və “Qarabağ” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq”.

Birgə bəyanatda xatırladılıb ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur:

“Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir. Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir”.

Qeyd edək ki, bu komandalar arasında görüş sabah “Neftçi Arena”da baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.

Hazırda Ağdam klubu 56 xalla ikinci, paytaxt təmsilçisi isə 44 xalla 5-ci yerdə qərarlaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: