Ozan Can Kökçü “Herkales”ə qarşı oynamadı

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü “Volendam”ın ötən gecə keçirdiyi oyunda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 31-ci turunda “Herakles”lə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Ozan bu görüşün sonunadək ehtiyatda qalıb.

“Volendam” 31 turdan sonra 31 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Ozan bu oyunların 27-də iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 30 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: