İtaliyanın “Bolonya” klubu hücumçusu Rodriqo Palasio ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
39 yaşlı hücumçunun müddəti bitən müqaviləsi yenilənməyib.
Palasio bu mövsüm A Seriyasında “Bolonya” ilə 36 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu çempionat tarixində het-trik etməyi bacaran ən yaşlı futbolçudur. O, buna bu mövsüm A Seriyasının 34-cü turunun “Fiorentina” ilə matçında nail olub – 3:3.
Rodriqo Palasio 2017-ci ildən “Bolonya”da çıxış edirdi. Argentina yığmasının sabiq forvardı daha öncə “İnter”, “Cenoa”, “Boka Xuniors”, “Banfild” və “Hurakan” klublarının da uğurları üçün çalışıb.


