“Sabah” bu gün keçirilmiş final oyunundan qələbə ilə ayrılaraq Azərbaycan Basketbol Liqasının (ABL) 2025/2026 mövsümünün qalibi olub.
Arena.az xəbər verir ki, “bayquşlar” turnirin final seriyasının üçüncü oyununda da “Abşeron Lions”dan üstün olublar.
Bakı İdman Sarayında baş tutmuş həlledici görüş paytaxt təmsilçisinin 108:95 hesablı qələbəsi ilə bitib. Sözügedən komanda əvvəlki iki görüşdə də rəqibini məğlub etmişdi – 98:93, 112:84.
Beləliklə, “bayquşlar” 2025/2026-cı illər mövsümünün qızıl medallarına sahib çıxıblar. “Abşeron Lions” isə gümüş medallarla kifayətlənib.
Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə ən tez çatmış kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.
Həlledici oyundan sonra çempion komanda mükafatlandırılıb. “Bayquşlar”a çempionluq kubokunu və qızıl medalları gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim ediblər.
Mövsümü ikinci pillədə başa vurmuş “Abşeron Lions”un oyunçularına gümüş medallar təqdim olunub.
Bundan başqa, “Sabah”ın heyətində Castin Tilman mövsümün ən dəyərli oyunçusu seçilib və xüsusi mülafata layiq görülüb.
Qeyd edək ki, “Sabah” ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olub.


