Valdas Dambrauskas Azərbaycanda ilkə imza atdı

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssis kimi tarixə düşüb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Belə ki, “Sabah” 2025/2026-cı illər mövsümündə “qızıl dubl”a imza atıb. Azərbaycan Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin etmiş komanda Azərbaycan Kubokunun finalında “Zirə”yə qalib gəlib – 2:1.

Bu, klub tarixində ilk “qızıl dubl” olub. “Sabah” eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb.

Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə “qızıl dubl” gerçəkləşdirib. “Qarabağ” hamıdan çox – 6 dəfə (1993, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/1996, 2003/2004, 2012/2013) “qızıl dubl” var. “Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/1998, “Xəzər Lənkəran” 2006/2007 mövsümündə hər iki titulu qazanıb.

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas isə Azərbaycanda “qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir. Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024), Kazbek Tuayev (1995/1996, 2003/2004) və Ağasəlim Mircavadov (1993, 2006/2007) hərəsi 2, Mehman Allahverdiyev (1997/1998) və Böyükağa Hacıyev (2012/2013) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: