Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün sonuncu – 34-cü turu çərçivəsində “Maqdeburq”la oyunun iştirakçısı olub.
Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu 74-cü dəqiqədə meydana buraxılıb. O, meydana çıxan kimi sarı vərəqə ilə də cəzalanıb.
Beləliklə, 34 oyuna 52 xal toplamış “Kayzerslautern” mövsümü 18 iştirakçı arasında 6-cı pillədə başa vurub. Komanda keçirdiyi 34 oyunda 16 qələbə qazanıb, 4 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


