“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü “Şamaxı”nın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Ayxan Abbasov cari mövsümdə keçirdikləri sonuncu matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çempionat bitdi. Komandama təşəkkür edirəm, Həqiqətən də ağır mövsüm oldu. Əsas hədəfimiz ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etmək idi və təhlil etsək, görərik ki, bunu bacardıq. Ötən mövsüm Premyer Liqada 10 komanda var idisə, bu mövsüm 12 komanda arasında mübarizə qat-qat sərt və gərgin keçdi. Eyni zamanda, kubokda da irəliləyə bildik. İstər gənc futbolçuların inkişafı, istərsə də keyfiyyətli legionerlərin komandaya uyğunlaşması baxımından komandamız xeyli irəlilədi. Əsas məqsədimiz də elə bu idi. Dəstəyə görə klub rəhbərliyinə, futbolçulara və məşqçi heyətinə dərin təşəkkürümü bildirirəm”.
Mütəxəssis rəqibə həlledici matçda uğurlar arzulamaqla yanaşı, “Şamaxı”dan ayrıldığını da təsdiqləyib:
“Qəbələ”yə uğurlar arzulayıram. Qarşıda onları çətin pley-off matçı gözləyir. Ümid edirəm ki, layiqli qələbə qazanarlar. İnanıram ki, “Şamaxı” rəhbərliyi ən düzgün qərarı verərək bu işi davam etdirəcək yeni bir məşqçi ilə anlaşacaq və komanda növbəti mövsümdə bundan da yaxşı olmağa çalışacaq”.


