Futbol üzrə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olmuş “Sabah” hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatmış müqavilənin müddəti uzadılmayıb. Klub Pavola xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Pavol Şafranko 2024-cü ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışırdı. 30 yaşlı hücumçu “bayquşlar”ın heyətində bütövlükdə 55 oyuna çıxıb, 18 qol vurub, 3 məhsuldar ötürmə verib.
Təcrübəli hücumçu “Sabah”la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Şafranko daha öncə Slovakiyanın “Tatran” (2013-2016), “Podbrezova” (2016), “DAC 1904” (2017-2018), Danimarkanın “Olborq” (2019), Şotlandiyanın “Dandi Yunayted” (2018/2019), CAR-ın “Sandauns” (2021-2022) və Rumıniyanın “Sepsi” (2022-2024) klublarında da oynayıb.
Slovakiyanın U-20 və U-21 yığmalarında da oynamış hücumçu 2017-ci ilin yanvarında ölkəsinin əsas millisində debüt edib. O, yığmada 10 oyun keçirsə də, fərqlənə bilməyib.


