Pedro Mateus “Karvan”dan ayrıldı

Portuqaliyalı qapıçı Pedro Mateus 2026/2027-ci illər mövsümündən etibarən Birinci Liqada çıxış edəcək “Karvan”dan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı qolkiperlə müqavilənin müddəti uzadılmayıb. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Pedro Mateus 2025-ci ilin yayından “Karvan”ın uğurları üçün çalışırdı. O, Yevlax komandasının heytində 20 oyuna çıxıb, 36 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.

Pedro Mateus futbola Portuqaliyanın “Maritimo” klubunda başlayıb. “Portu” və “Leyşoynş” kimi klubların da aşağı yaş qrupları üzrə komandalarında oynamış qolkiper Kiprin “Olimpiada Limpion” komandasında legioner həyatı yaşayıb. O, “Sanyoanense” və “Feyrense” klublarının da şərəfini qoruyub.

Pedro Mateus 2023-cü ildə debüt etdiyi San-Tome və Prinsipi yığmasının heyətində 7 oyun keçirib, 14 qol buraxıb, 1 matçdan “quru” çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: