Futbol üzrə Xorvatiya milli komandasının kapitanı Luka Modriç yığmada keçirdiyi oyunların sayına görə argentinalı Lionel Messiyə çatıb.
Arena.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi ötən gecə qarşılaşdıqları Sloveniya ilə yoxlama görüşündə meydana çıxmaqla millidə 198-ci matçını keçirib.
Hazırda milli komandalarda ən çox oyun keçirən futbolçular siyahısında Modriç və Messidən öndə yalnız iki nəfər var. Bunlar 227 oyunla Kristiano Ronaldo (Portuqaliya) və 202 oyunda iştirak etmiş Bader Əl-Mutavadır (Küveyt).
Qeyd edək ki, Luka Modriç karyerasında beşinci dəfə dünya çempionatında iştirak edəcək. Daha əvvəl yayılan xəbərlərə görə, 40 yaşlı yarımmüdafiəçi mundialdan sonra karyerasını başa vurmağı planlaşdırır.
Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Onun bu klubla müqaviləsinin müddəti bu ayın sonunda bitəcək. Modriç “Milan”nın heyətində 37 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.
Modriç 2012-ci ildən “Milan”a keçənə qədər “Real”da çıxış edib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.
Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 198 oyuna çıxıb, 29 qol vurub, 31 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.


