Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” komandasının Avstriyadakı təlim-məşq toplanışının proqramında dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı nəzərdə tutulmuş yoxlama oyunu ləğv olunub. “Köhlən-atlar” bunun əvəzində iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi “Tirol”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.
Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


