Norveç millisinin baş məşqçisi Stol Solbakken dünya çempionatının qrup mərhələsində Seneqal yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü Norveçin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Stol Solbakken matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bəli, bu gün Erlinq Haland boş qapıya qol vura bilmədi. Hətta o, daha dörd dəfə fərqlənə bilərdi. Amma ciddi danışsaq, o, dünyanın ən yaxşı hücumçusudur. Üstəlik, Fransa və ya Argentina kimi komandalarda deyil, Norveç millisində çıxış edir və buna baxmayaraq, qol vurmağa davam edir. Onun hesabında artıq 4 qol var – ən yüksək səviyyədə iki dubl.
“Qızıl buts”u qazanmaq Fransa və ya Argentina kimi komandalarda oynayanda daha asandır. Lakin biz növbəti matçlarda Erlinqə daha çox oyun vaxtı və daha çox dəstək verməyə çalışacağıq. O, hazırda əla formadadır və mən onun dünya futbolunun ən böyük səhnəsində qol vurmasına çox sevinirəm”.
Solbakken növbəti rəqib olan Fransa ilə oyuna hazırlığın hələ başlamadığını da bildirib.
“Fransa ilə oyunun planlaşdırılmasına hələ başlamamışıq. İndi məşq düşərgəmizə qayıdacaq və yaxşı şəkildə bərpa olunacağıq. Belə ağır matçdan sonra bu, mütləq lazımdır. Həmin görüşdə fərqli futbolçular da meydana çıxacaqlar”.
Seneqal millisinin baş məşqçisi Pape Tiav isə Norveçə 2:3 hesabı ilə uduzduqları oyundan sonra komandasının turnirdə uğur qazanmaq şansına inandığını bildirib:
“Düşünürəm ki, bu, bizim üçün çox çətin oyun oldu. Çox güclü Norveç yığmasına qarşı oynayırdıq. Onlar yüksək effektivliklə çıxış edərək bizi çox çətin vəziyyətlərə salırdılar.
Qolları ən uyğun olmayan məqamlarda buraxdıq – biri birinci hissənin sonlarında, digəri isə ikinci hissənin əvvəlində.
Bununla belə, Norveçi təbrik etməliyik. Eyni zamanda futbolçularımı ruhdan düşməməyə çağırıram, çünki oyun həqiqətən çətin keçdi.
Biz müsbət nəticə və üç xal qazanmağa ümid edirdik, lakin bu axşam buna nail ola bilmədik”.


