İsrailin “Makkabi” (Hayfa) klubunun cinah hücumçusu Ksander Severina bundan sonra Azərbaycan çempionu “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
25 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb. Kurasaolu futbolçunun keçidi ilə bağlı digər detallar açıqlanmayıb.
Ksander Severina karyerası ərzində Niderlandın “Den Haaq” (2021-2023), Serbiyanın “Partizan” (2023-2024), Portuqaliyanın “Kaza Piya” (2025-2026) və İsrailin “Makkabi” (Hayfa, 2024-2026) komandalarında çıxış edib.
Niderlandda dünyaya göz açmış Severina 2023-cü ildə debüt etdiyi Kurasao millisinin heyətində 5 oyun keçirib, 1 qola imza atıb.
“Sabah” daha öncə Eyden Makkarti, Yunes Laşaab və Junior Almeydanı da heyətinə qatmışdı. Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev, Nicat Mehbalıyev və İqor Noqeyra klubdan ayrılıblar. Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov və Patrik Mbina ilə də yeni müqavilə imzalanıb.


