Alessandro Lonqoni PSJ-yə keçdi, Renato Marin icarəyə verildi

İtaliyanın “Milan” klubunun 18 yaşlı italiyalı qapıçısı Alessandro Lonqoni bundan sonra Fransa nəhəngi PSJ-nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, PSJ qapıçı heyətində iki dəyişiklik edib. Paris təmsilçisi Alessandro Lonqonini heyətinə qatıb, Renato Marini isə Portuqaliyanın “Nasyonal” klubuna icarəyə göndərib.

PSJ gənc italiyalı qolkiperlə 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş uzunmüddətli müqavilə bağlayıb. Klub rəhbərliyi Lonqonini gələcəyin əsas qapıçılarından biri kimi görür.

Məlumata görə, 18 yaşlı qapıçı ilk mərhələdə PSJ-nin ehtiyat komandalarında çıxış edəcək. Lakin gələcəkdə baş məşqçi Luis Enrike onu əsas komandada rusiyalı qapıçı Matvey Safonovun əsas rəqiblərindən biri kimi nəzərdən keçirir.

Alessandro Lonqoni indiyə qədər “Milan”ın gənclər komandasında çıxış edib. O, U-20 komandasında keçirdiyi 38 rəsmi oyunda 45 qol buraxıb, 7 matçda isə qapısını toxunulmaz saxlayıb.

Bununla yanaşı, PSJ qapıçısı Renato Marini bir mövsümlük icarə əsasında Portuqaliyanın “Nasyonal” klubuna göndərib. Müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq və razılaşmada satınalma hüququ nəzərdə tutulmayıb.

Renato Marin 2025-ci ilin yayında İtaliyanın “Roma” klubundan PSJ-yə transfer olunmuşdu. O, Paris klubunda debütünü həmin ilin dekabrında Fransa Kubokunda “Vandeya Fontene” ilə oyunda edib. Marin PSJ forması ilə Liqa 1-də 2 matç keçirsə də, bu müddətdə komanda ilə UEFA Çempionlar Liqası, Fransa çempionluğu, UEFA Super Kuboku, FIFA Qitələrarası Kuboku və Fransa Super Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: