“Everton” Tayrik Corcu 21 milyon avroya “Çelsi”dən aldı

“Everton” ötən mövsüm “Çelsi”dən icarəyə götürdüyü ingiltərəli cinah hücumçusu Tayrik Corcun transferini rəsmən tamamlayıb.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

20 yaşlı vinger ötən mövsümün qış transfer pəncərəsinin son günündə icarə əsasında Liverpul təmsilçisinə qoşulmuş və komandanın heyətində 11 rəsmi oyuna çıxmışdı. O, bu görüşlərdə heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməsə də, klub rəhbərliyi futbolçu üçün xərc çəkib.

İlkin icarə müqaviləsində futbolçunun 25 milyon funt sterlinq qarşılığında birdəfəlik transferini nəzərdə tutan bənd yer alsa da, “Everton” bu maddəni aktivləşdirməmişdi. Bunun əvəzinə klub “Çelsi” ilə yeni danışıqlara başlayaraq daha sərfəli razılıq əldə edib.

Tərəflər 21 milyon avro məbləğində sabit transfer haqqı üzərində razılaşıblar. Müqaviləyə əsasən, gələcəkdə müxtəlif bonuslar şəklində daha 7 milyon avro ödənilə bilər. Bundan əlavə, “Çelsi” Tayrik Corcun gələcək satışından əldə olunacaq məbləğin 15 faizini almaq hüququnu da qoruyub.

Gənc futbolçu Liverpul təmsilçisi ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb.

Xatırladaq ki, Tayrik Corc 8 yaşından “Çelsi” akademiyasında yetişib. O, London klubunun əsas komandasında bütün turnirlər daxil olmaqla 37 oyunda meydana çıxıb və iki titul qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: