Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın 1/8 final mərhələsində Misir yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları dramatik 3:2 hesablı qələbədən sonra emosiyalarını gizlədə bilməyib.
79-cu dəqiqəyədək 0:2 hesabı ilə geridə olan son dünya çempionu oyunun sonlarında ardıcıl üç qol vuraraq 1/4 finala yüksəlib.
“Bağışlayın, gözlərimi qaldıra bilmirəm. Hazırda məni çox güclü emosiyalar bürüyüb. Nə möhtəşəm komandadır, uşaqlar! Oyun boyunca üstünlük bizim tərəfdə idi. Qol vurmaq üçün çoxlu imkan yaratdıq. Mən də ehtiyat oyunçular skamyasında sizin kimi eyni həyəcanı yaşayıram. Komandamız heç vaxt irəli getməkdən və mübarizədən vaz keçmir. Çox kövrəlmişəm. Bu oyun bizim üçün əsl sınaq oldu. Biz məhz belə komandayıq. İşlər çətinləşəndə bütün gücümüzü ortaya qoyuruq. İnanırdıq ki, nə vaxtsa şans yaranacaq və oyunun taleyini öz xeyrimizə dəyişə biləcəyik. Hər şeyə görə təşəkkür edirəm! Məni bağışlayın, artıq getməliyəm”, – deyə Skaloni matçdan sonra bildirib.
Misir millisinin baş məşqçisi Hossam Hassan isə qarşılaşmadan sonra hakimliyi və turnirin təşkilatçılarını sərt tənqid edib. O, komandasının penalti qazanmalı olduğunu iddia edərək bəzi qərarların Argentinanın xeyrinə verildiyini bildirib:
“Fikrimcə, biz daha yaxşı oynadıq. Amma baş verənlər düzgün deyildi. Bizə ən azı iki epizodda penalti verilməli idi. Bilmirəm, niyə belə olmadı. Hesabı 3:1 edə bilərdik, amma əvəzində rəqib ikinci qolu vurdu. Bəlkə də məsələ marketinqdir. Ola bilsin ki, dünya çempionatını tanıtmaq, son çempionun yarışda qalmasını və Lionel Messinin turnirdə çıxışını davam etdirməsini istəyirlər. Buna baxmayaraq, biz üzərimizə düşəni layiqincə yerinə yetirdik.
Misir xalqına, ərəb və Afrika azarkeşlərinə demək istəyirəm ki, bəzən nə qədər çalışsan da, futboldan kənar amillər işi daha da çətinləşdirir. Mən məğlub olmağı sevmirəm, amma bu məğlubiyyət xüsusilə ədalətsiz təsir bağışladı. Futbolda oyunun və ustalığın hüdudlarından kənarda qalan məqamlar da var. Son dünya çempionuna qarşı oynayanda belə, ona hər tərəfdən dəstək verildiyi hiss olunur”.


