İspaniyanın “Betis” klubu La Liqanın digər təmsilçisi Madrid “Real”ının sol cinah müdafiəçisi Fran Qarsiyanın transferini rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Sevilya klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu yeni klubu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. “Betis” bu transfer üçün paytaxt klubuna 4 milyon avro ödəyib. Razılaşmaya əsasən, “Real” futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 50 faizini almaq hüququnu da özündə saxlayıb.
“Real”ın yetirməsi olan Fran Qarsiya 2023-cü ildən Madrid təmsilçisinin əsas komandasında çıxış edirdi. Bu müddətdə o, komandanın heyətində 109 oyuna çıxıb, 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Fran bir neçə mövsüm “Rayo Valyekano”da da çıxış edib – 122 oyun, 5 qol, 8 məhsuldar ötürmə.
Qarsiya 2023-cü ildə debüt etdiyi İspaniya millisində də 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


