Futbol üzrə Macarıstan millisinin yarımmüdafiəçisi Dominik Soboslai İngiltərənin “Liverpul” klubu ilə yeni uzunmüddətli müqaviləyə imza atıb.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
25 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Soboslai qarşıdan gələn mövsümdə Mersisayd təmsilçisində dördüncü mövsümünü keçirəcək. Bu, həm də komandanın yeni baş məşqçisi Andoni İraolanın rəhbərliyi altında onun ilk mövsümü olacaq.
Yeni müqavilə ilə bağlı danışan Soboslai sevincini gizlətməyib:
“Bu, bəlkə də həyatımın ən böyük günüdür. Əlbəttə, “Liverpul”a transfer olunduğum gün və övladımın dünyaya gəldiyi gün bundan öndədir. Amma futbol karyeram baxımından bu hadisə ilk üçlükdədir.
Çox xoşbəxtəm. Yenidən və yenidən meydana çıxmaq üçün səbirsizlənirəm. Burada olduğum üçün çox şadam”.
“Çempionlar Liqasını qazanmaq istəyirəm”
25 yaşlı yarımmüdafiəçi qarşıdakı illər üçün hədəflərinin dəyişmədiyini vurğulayıb:
“Həmişə daha artığını istəyirəm. Öz performansımdan razı olsam da, daha yaxşı oynaya biləcəyimə inanıram. Uşaqlıqdan məni irəli aparan da məhz bu hiss olub – heç vaxt əldə etdiklərimlə kifayətlənməmişəm.
Komandada hər kəs üçün nümunə olmaq istəyirəm. “Liverpul”a gələndə demişdim ki, mümkün olan bütün titulları qazanmaq istəyirəm. Bu fikir dəyişməyib. İngiltərədə qazana biləcəyimiz bütün kubokları, həmçinin UEFA Çempionlar Liqasını qazanmaq istəyirəm. Mən buna hazıram”.
Xatırladaq ki, Dominik Soboslai 2023-cü ilin iyul ayında Almaniyanın “Leypsiq” klubundan 70 milyon avro qarşılığında “Liverpul”a transfer edilib. Macar yarımmüdafiəçinin “qırmızılar”la əvvəlki müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu. O, İngiltərə nəhənginin heyətində indiyə qədər 147 oyuna çıxıb. 23 yaşlı futbolçu bu oyunlarda 28 qola imza atıb, 26 məhsuldar ötürmə müəllifi olub.
O, klubdakı ilk mövsümündə İngiltərə Liqa Kubokunu qazanıb, 2024/2025-ci illər mövsümündə isə Premyer Liqa çempionluğunda əsas pay sahiblərindən biri olub.
Soboslai ötən mövsüm fərdi statistikasına görə də karyerasının ən məhsuldar ilini keçirib. O, 53 matçda 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb və azarkeşlərin səsverməsi nəticəsində “Liverpul”da mövsümün ən yaxşı futbolçusu seçilib.
Soboslai daha öncə “Liferinq”, “Leypsiq”, “Zalsburq” kimi klubların formasını geyinib. O, kapitanı olduğu Macarıstan yığmasında 2019-cu ilin mart ayında debüt edib. Yarımmüdafiəçi millidə keçirdiyi 65 oyunda 18 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


