Şaqoyka: “Məqsədimiz “Neftçi” səddini keçməkdir”

Minsk “Dinamo”sunun baş məşqçisi Aleksandr Şaqoyka Konfrans Liqasının 2-ci raundunda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Belarus təmsilçiləri arasındakı ilk oyun sabah Bakıda keçiriləcək.

Aleksandr Şaqoyka bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Başa düşürük ki, güclü rəqibə qarşı oynayacağıq. “Neftçi” həqiqətən yaxşı, güclü komandadır. Oyunun əhəmiyyətini də yaxşı dərk edirik. Matça ciddi yanaşırıq, görüşə də yaxşı hazırlaşmışıq. Cütün taleyi 2 oyunda həll olunacaq. Məqsədimiz növbəti mərhələyə adlamaqdır. Bu cür oyunları çox keçirmirik. “Neftçi”nin səviyyəsi yüksəkdir, güclü heyətə malikdir. Üstəlik, baş məşqçiləri də təcrübəlidir. Kombinasiyalı futbol sərgiləyirlər. Bir sözlə, “Neftçi” haqda təəssüratlarım yüksəkdir”.

“Faiz nisbəti ilə götürsək, şansları necə dəyərləndirirsiz?” sualını “Dinamo”nun baş məşqçisi belə cavablandırıb:

“Oyuna qədər şanslar hər zaman bərabərdir. Bu dəfə də belə olacaq. Təbii ki, bizim məqsədimiz var və onun üçün çalışacağıq”.

45 yaşlı mütəxəssis “Dinamo”nun avrokubok oyunlarını öz meydanında keçirməməsinə də toxunub:

“Təbii ki, evdə oynamağı çox istərdik. Hər halda, öz azarkeşlərimizin qarşısında oynamaq başqadır. Amma təəssüf ki, hazırda bu alınmır. Daha çox səyahət etməyə məcburuq. Bu da hardasa müəyyən çətinliklər yaradır. Əlbəttə, istəyərdik azarkeşlərimiz önündə oynayaq. Bu, bizə 100 faiz kömək edərdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: