Futbol üzrə Meksika milli komandasının əfsanəvi qapıçısı Gilyermo Oçoa peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, 41 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Mən heç vaxt xəyalımın məni bu qədər uzağa aparacağını təsəvvür etməzdim. Bu gün geriyə yalnız qürur hissi ilə baxa və ailəmə, komanda yoldaşlarıma, yolun hər mərhələsində yanımda olan bütün azarkeşlərə təşəkkür edə bilərəm. Özümlə milyonlarla insanın sevgisini və Meksika uğrunda əlimdən gələni etdiyimə dair əminliyi aparıram. Yaşadıqlarımızı heç kim əlimizdən ala bilməz. Hər şeyə görə ürəkdən təşəkkür edirəm”, – deyə Oçoa yazıb.
Təcrübəli qapıçı dünya çempionatları tarixində altı mundialın iştirak ərizəsinə salınan cəmi üç futbolçudan biri olub. Lakin o, yalnız dörd dünya çempionatında (2014, 2018, 2022 və 2026) meydana çıxıb. Oçoa 2006 və 2010-cu il mundiallarında da Meksika millisinin heyətində yer alsa da, həmin turnirlərdə forma şansı qazanmayıb.
O, dünya çempionatlarında ümumilikdə 12 oyun keçirib və bunların 5-də qapısını toxunulmaz saxlayıb.
Gilyermo Oçoa Meksika millisinin heyətində 154 matça çıxıb. O, yığma ilə KONKAKAF-ın Qızıl Kubokunu 6 dəfə qazanıb, həmçinin Tokio-2020 Yay Olimpiya Oyunlarında (2021-ci ildə keçirilib) bürünc medal əldə edib.
Oçoa 2025-ci ildən Kiprin AEL klubunda çıxış edirdi. Karyerası ərzində o, Meksikanın “Amerika”, İspaniyanın “Malaqa” və “Qranada”, İtaliyanın “Salernitana”, Portuqaliyanın ABC, Fransanın “Ayaçço” və Belçikanın “Standard” klublarının da formasını geyinib.


