Morqan Rocers rekord məbləğə “Çelsi”yə keçdi

Futbol üzrə İngiltərə milli komandasının hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers “Aston Villa”dan “Çelsi”yə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 2033-cü ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Transferin dəyəri 117 milyon funt sterlinq (137,3 milyon avro) təşkil edib. Bununla da Morqan “Çelsi” tarixinin ən bahalı transferinə çevrilib.

Bu keçid həmçinin İngiltərə futbolu tarixində ikinci ən bahalı transfer kimi qeydə alınıb. Rekord ötən yay Aleksander İsakın “Nyukasl”dan “Liverpul”a 125 milyon funt sterlinqə keçidi ilə müəyyənləşmişdi.

Morqan Rocers ötən mövsüm Premyer Liqada 35 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə verib.

O, İngiltərə millisinin heyətində 2026-cı il dünya çempionatında 7 matçda iştirak edib, 2 məhsuldar ötürmə ilə yadda qalıb və komandası ilə birlikdə bürünc medal qazanıb. Rocers ümumilikdə milli komandada 22 oyun keçirib.

Qeyd edək ki, ötən mövsüm “Aston Villa” İngiltərə Premyer Liqasında 4-cü yeri tutaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. “Çelsi” isə mövsümü 10-cu pillədə başa vurduğu üçün avrokuboklardan kənarda qalıb.

Morqan Rocers İngiltərənin “Vest Bromviç” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Mançester Siti”, “Linkoln Siti”, “Bornmut”, “Bləkpul”, “Midlsbro” kimi klublarda da çıxış edib. O, 2024-cü ilin fevral ayında 9,4 milyon avro müqabilində “Aston Villa”ya keçmişdi. 22 yaşlı yarımmüdafiəçinin Premyer Liqa təmsilçisi ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi. Rocersin “Aston Villa” karyerası bütövlükdə 125 oyun, 31 qol və 29 assistdən ibarətdir.

İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Rocers 2024-cü ilin noyabrında əsas millidə debüt edib. O, İngiltərə yığmasının heyətində meydan çıxdığı 22 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: