Fil Foden “Mançester Siti” ilə yeni müqavilə imzaladı

İngiltərənin “Mançester Siti” klubu hücumameyilli yarımmüdafiəçisi, 26 yaşlı ingilis futbolçu Fil Foden ilə müqaviləni uzadıldığını bəyan edib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 26 yaşlı futbolçu 2030-cu ilin iyun ayının sonunadək “şəhərlilər”in formasını geyinəcək.

Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin Mançester klubu ilə əvvəlki müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Fil 2025/2026 mövsümündə bütün turnirlərdə 50 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 369 oyun, 110 qol, 68 məhsuldar ötürmə.

Foden “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (6 dəfə), İngiltərə Kuboku (3 dəfə), İngiltərə Liqa Kuboku (5 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku yarışlarında qalib olub.

Fil Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 49 oyuna çıxıb, 4 qol vurub, 10 məhsuldar ötürmə verib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı Fil Fodenin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: