Bu yay “Mançester Yunayted”dən ayrılmış braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro bundan sonra “İnter Mayami”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə 1+2 illik (2029-cu ilin iyun ayına qədər) müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, Kazemironun sonuncu iş yeri İngiltərənin “Mançester Yunayted” klubu olub. O, Mançester təmsilçisinə 2022-ci ilin avqustunda 70,65 milyon avro məbləğ müqabilində Madrid “Real”ından keçmişdi. Braziliyalı futbolçu “qırmızı şeytanlar”ın heyətində dörd mövsüm çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 160 oyunda 26 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la 2022/2023-cü illər mövsümündə İngiltərə Liqa Kubokunun və 2023/2024-cü illər mövsümündə İngiltərə Kubokunun qalibi olub.
Təcrübəli futbolçu karyerası ərzində “Mançester Yunayted”dən əvvəl “Real” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “San Paulo” (Braziliya) klublarında da forma geyinib. Kazemiro xüsusilə Madrid təmsilçisi ilə beş dəfə UEFA Çempionlar Liqasının, üç dəfə İspaniya çempionatının, üç dəfə İspaniya Super Kubokunun, üç dəfə UEFA Super Kubokunun və FIFA Klublararası dünya çempionatının qalibi olub. Bundan başqa, o, bir dəfə İspaniya Kubokunu qazanıb.
Yarımmüdafiəçi 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 91 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, “İnter Mayami”də Argentina millisinin hücumçusu Lionel Messi də çıxış edir. Təcrübəli futbolçu bu komandanın kapitanıdır.



