Futbol üzrə Braziliya yığmasının dayaq yarımmüdafiəçisi Kazemiro ABŞ klubu “İnter Mayami”yə transferindən sonra ilk açıqlamasını verib.
Arena.az xatırladır ki, 34 yaşlı futbolçu MLS təmsilçisinə azad agent kimi qoşulub.
Onunla 2027-ci il mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Sazişdə daha iki illik uzadılma imkanı da nəzərdə tutulub.
Kazemiro yeni klubunda etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib:
“Məni ən çox motivasiya edən qalib gəlmək və inkişaf etməyə davam etmək istəyidir. Klubun mənə təqdim etdiyi layihə, həmçinin bu transferin baş tutması üçün çalışan hər kəsin əməyi mənim üçün çox dəyərlidir.
Mən göstərilən etimada görə sonsuz minnətdaram və bunu doğrultmaq üçün səbirsizliklə işə başlamağı gözləyirəm. Təkcə oyunun 90 dəqiqəsində deyil, hər məşqdə də əlimdən gələni edəcəyəm. Mənə göstərilən dəstək və etimada görə kluba təşəkkür edirəm və bunun qarşılığını vermək üçün bütün gücümü ortaya qoyacağam”.
“İnter Mayami”nin həmsahibi Devid Bekhem də braziliyalı futbolçunun transferi ilə bağlı fikirlərini bölüşüb:
“Kazemironu və ailəsini “İnter Mayami”də salamlamaqdan çox məmnunam. O, uzun illərdir həm insan, həm də futbolçu kimi heyran olduğum şəxsdir. Kazemiro əsl qalibdir. “Real” və “Mançester Yunayted”də möhtəşəm karyera qurduqdan sonra yeni ev kimi Mayamini seçməsinə çox şadam”.
Qeyd edək ki, Kazemiro 2022-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, İngiltərə klubunun heyətində 160 oyunda 26 qol vurub və 14 məhsuldar ötürmə edib. Təcrübəli dayaq yarımmüdafiəçisi karyerası ərzində “San Paulo”, “Portu” və “Real” klublarının da formasını geyinib.


