Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Nyu York Siti” ilə qarşılaşıb.
Oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 1:2. ABŞ klubunda 90 nömrəli formanı geyinən Nəriman bu görüşə start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib.
“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 16 oyundan sonra 17 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Nərimanın komandası 16 oyunda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


