Andrey Pavelko Slovakiyada saxlanıldı

Vəsaitlərin mənimsənilməsi işi üzrə beynəlxalq axtarışda olan Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb.

Arena.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Ukraynanın baş prokuroru Ruslan Kravçenkonun yerli mətbuata verdiyi açıqlamada bildirilir ki, Pavelko uzun müddət ölkə hüdudlarından kənarda qaldıqdan sonra Bratislavada saxlanılıb:

“O, illərlə Ukrayna ədliyyəsindən gizlənirdi. Lakin beynəlxalq axtarış və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq öz nəticəsini verdi”.

İstintaqın məlumatına görə, Andrey Pavelko Ukrayna Futbol Federasiyasının təxminən 295 milyon qrivna (6,6 milyon dollar) vəsaitinin öz nəzarətində olan kommersiya strukturları vasitəsilə çıxarılması sxemini təşkil edib. Bunun üçün yalnız kağız üzərində mövcud olan dəniz məhsullarının, elit çay və qəhvə növlərinin, eləcə də elektrik avadanlıqlarının tədarükü üzrə saxta müqavilələr bağlanıb.

Qeyd olunur ki, bu addımlar nəticəsində Ukrayna Futbol Federasiyasına və onun regional bölmələrinə milyonlarla məbləğdə ziyan dəyib.

Ukraynanın Baş Prokurorunun Ofisi artıq saxlanılan şəxsin ekstradisiyası proseduruna başlayıb.

Xatırladaq ki, 2025-ci ilin sonunda Ukrayna Futbol Assosiasiyasının sabiq rəhbəri Andrey Pavelko rəsmi şəkildə beynəlxalq axtarışa verilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: