Lionel Messi MLS “ulduzlar matçı”nın heyətindən çıxarıldı

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Şimali Amerikanın Major Futbol Liqasının (MLS) “ulduzlar matçı”nın iştirak ərizəsindən çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Heyətdən, həmçinin “Çikaqo”nun cənubi afrikalı müdafiəçisi Mbekezeli Mbokazi və “İnter Mayami”nin argentinalı yarımmüdafiəçisi Rodriqo de Paul da kənarlaşdırılıblar.

Qərarın səbəbi açıqlanmasa da, hər üç futbolçunun iyulun 19-da başa çatan 2026-cı il dünya çempionatında iştirak etməsi əsas ehtimal kimi göstərilir. Argentina millisi finala yüksəlsə də, əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Cənubi Afrika isə tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanaraq 1/16 finalda Kanadaya 0:1 hesabı ilə uduzub.

39 yaşlı Lionel Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. O, daha əvvəl “Barselona” və PSJ-nin formasını geyinib. Argentinalı ulduz “Barselona” ilə dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2014 və 2026-cı illərdə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi adını qazanıb. O, həmçinin rekord sayda – 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Qeyd edək ki, MLS “ulduzlar matçı” iyulun 30-na keçən gecə keçiriləcək. Messi üçüncü dəfə bu oyunun iştirak ərizəsinə daxil edilsə də, indiyədək heç vaxt meydanda iştirak etməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: