Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2026-cı il mövsümünün 20-ci turu çərçivəsində “Gimçeon”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
Anton bu oyunun 59-cu dəqiqəsində, hesab 1:2 olarkən meydana buraxılıb.
Bir neçə turdur 3 xala həsrət olan “Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 20 oyuna topladığı 20 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Krivotsyukun komandası 20 oyuna 4 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 11-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 104 oyuna çıxıb, 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 27 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 47 matça çıxıb, 1 qola imza atıb.


