Matye Valbuena Malta klubunda

Futbol üzrə Fransa millisinin sabiq hücumameyilli yarımmüdafiəçisi Matye Valbuena bundan sonra karyerasını Maltada davam etdirəcək.

Arena.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi Maltanın İkinci Divizion təmsilçisi “Santa Lusiya”ya keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma onun ən azı 2027-ci ilin 30 iyununadək Malta klubunda çıxış edəcəyi dəqiqdir.

Xatırladaq ki, Valbuena son olaraq Yunanıstanın “Olimpiakos” klubunun B komandasında çıxış edib. O, daha əvvəl “Liburn”, “Olimpik” (Marsel), “Dinamo” (Moskva), “Olimpik” (Lion), “Fənərbağça”, “Olimpiakos”, “Apollon” (Limassol), “Kaliteya” kimi klublarda da çıxış edib.

Matye Valbuena 2010-2015-ci illər aralığında formasını geyindiyi Fransa millisinin heyətində 52 oyun keçirib və 8 qol vurub, 20 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: