Harvi Barns “Nyukasl”la yeni müqaviləyə imza atdı

Futbol üzrə İngiltərə milli komandasının və “Nyukasl”ın cinah yarımmüdafiəçisi Harvi Barns klubla yeni uzunmüddətli müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

“Sağsağanlar” 28 yaşlı futbolçu ilə imzalanan yeni müqavilənin müddətini və digər detallarını açıqlamayıb. Bildirilib ki, tərəflər uzunmüddətli əməkdaşlıq barədə razılığa gəliblər. Barnsın əvvəlki müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə idi.

Xatırladaq ki, Harvi Barns 2023-cü ilin yayında “Lester Siti”dən “Nyukasl”a 44 milyon avro müqabilində transfer olunub. O, ötən üç mövsümdə komandanın hücum xəttinin əsas simalarından birinə çevrilib.

İngiltərəli futbolçu indiyədək “Nyukasl”ın heyətində bütün turnirlərdə 120 oyuna çıxıb, 30 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Barns daha öncə “Lester Siti”dən başqa “Milton Kins Dons”, “Barnsli” və “Vest Bromviç” kimi klublarda da forma geyinib. O, İngiltərə milli komandasında da 2 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: