Dünya çempionu olmuş futbolçu, üçqat UEFA Çempionlar Liqasının qalibi olan baş məşqçi Zinəddin Zidan bundan sonra Fransa millisini çalışdıracaq.
Arena.az bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Federasiya prezidenti Filipp Diallo jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər arasında imzalanmış müqavilə 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq. “Zizu” avqustun 1-dən rəsmən vəzifəsinin icrasına başlayacaq və komandaya UEFA Millətlər Liqasının 2026/2027 mövsümündən rəhbərlik edəcək. Onun köməkçiləri sentyabrın əvvəlində müəyyənləşəcək.
Zidan bu vəzifədə Fransa millisini 14 il çalışdırmış Didye Deşamı əvəzləyib. Deşamın rəhbərliyi altında Fransa millisi 2018-ci ildə dünya çempionu olub, 2022-ci il dünya çempionatının və 2016-cı il Avropa çempionatının gümüş mükafatını qazanıb. Komanda, həmçinin 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.
“Zizu” 1964-cü ildən bəri Anri Qerendən sonra Fransa millisinin tarixində 18-ci baş məşqçidir.
Zinəddin Zidan futbolçu kimi 1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub. Baş məşqçi kimi isə Madrid “Real”ı ilə ardıcıl üç dəfə UEFA Çempionlar Liqasını qazanaraq futbol tarixində ən uğurlu mütəxəssislərdən birinə çevrilib.



