Braziliyanın “Santos” klubunun ulduz hücumçusu Neymar komandanın məşq bazasını qalmaqallı şəkildə tərk edərək bərpa məşqində iştirak etməyib.
Arena.az bu barədə Braziliyanın “Globo” nəşrinə istinadən məlumat verir.
Hadisə “Şapekoense” ilə 2:2 hesablı heç-heçədən bir gün sonra baş verib. Bildirilir ki, 34 yaşlı futbolçu bazaya gəlsə də, yalnız sosial şəbəkələr üçün məzmun hazırlayıb və qəhvə içdikdən sonra komanda yoldaşları ilə birlikdə məşqə çıxmadan ərazini tərk edib.
Mənbənin iddiasına görə, bu addım matçın fasiləsində baş verən gərgin mübahisənin davamı olub. Neymar paltardəyişmə otağında iki komanda yoldaşı ilə yüksək səslə mübahisə edib. Onlardan biri ikinci hissədə avtoqol vuraraq “Santos”u qələbədən məhrum edən müdafiəçi Joau Ananyas olub.
Braziliyalı insayderlər bildirirlər ki, komanda daxilində yaşanan uzunmüddətli gərginlik fonunda Neymarın 2026-cı ilin dekabrına qədər qüvvədə olan müqaviləsini uzatması ehtimalı çox aşağıdır.
Xatırladaq ki, Neymar “Santos”un yetirməsidir və 2025-ci ilin yanvarında doğma klubuna qayıdıb. O, cari mövsümdə 16 rəsmi oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Məlumata görə, son intizam pozuntusuna görə klub rəhbərliyi futbolçuya ciddi cərimə tətbiq edə, hətta onu əsas komandadan uzaqlaşdıra bilər.


