Yoşko Qvardiol “Mançester Siti” ilə yeni müqavilə imzaladı

Futbol üzrə Xorvatiya milli komandasının və “Mançester Siti”nin mərkəz müdafiəçisi Yoşko Qvardiol İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Mançester təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər yeni 5 illik müqavilə imzalayıblar. Belə ki, 24 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər uzadılıb.

Xatrıladaq ki, Yoşko Qvardiol “Mançester Siti”yə 2023-cü ilin avqustunda Almaniyann “Leypsiq” klubundan gəlmiş və “şəhərlilər”lə 5 illik müqavilə imzalamışdı. Onun “Mançester Siti”yə transferi 90 milyon avro, üstəgəl 10 milyon avro bonuslar müqabilində başa gəlmişdi. Bu isə xorvat futbolçunu futbol tarixinin ən bahalı müdafiəçisinə çevirmişdi. Ona qədər heç bir müdafiəçiyə bu qədər xərc çəkilməmişdi.

Qvardiol indiyədək “şəhərlilər”in heyətində keçirdiyi 122 matçda 13 qol vurub, 10 məhsuldar ötürmə verib. Müdafiəçi bu müddətdə İngiltərə Premyer Liqası və Kuboku, İngiltərə Liqa Kuboku, FIFA Klublararası Dünya Çempionatı, UEFA Super Kuboku və İngiltərə Super Kuboku daxil olmaqla 6 titul qazanıb.

Xorvat futbolçu “Mançester Siti”dən öncə “Leypsiq”in və yetirməsi olduğu Zaqreb “Dinamo”sunun da uğurları üçün çalışıb.

Müdafiəçi 2021-ci ildə debüt etdiyi Xorvatiya yığmasının heyətində 52 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. O, milli ilə DÇ-2022-nin bürünc medallarını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: