Bruno Silva “Qəbələ”də!

Portuqaliyanın “Oliveyrense” klubunun cinah hücumçusu, 28 yaşlı portuqal futbolçu Bruno Silva bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Portuqaliyalı vingerlə 1+1 illik müqavilə bağlanıb. 28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib. O, 2025-ci ilin yanvarından formasını geyindiyi bu komandanın heyətində 49 oyuna çıxıb, 8 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Bruno Silva daha əvvəl “Vilaverdense” (Portuqaliya), “Louletano”, “Maria da Fonte” və “Jenis” (Astana, Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.

Xatırladaq ki, “Qəbələ” bu yay Kouya Mabena, Natan Monzanqo, Karim Rossi və Meşak Uboçiomanı da heyətinə qatıb. Səlahət Ağayevlə yeni müqavilə imzalanıb. İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Ceyhun Bağırzadə, Domi Massumu, Okan Təhməzli, Seydina Keyta, Eduardo Kunde, Emil Süleymanov və Prins Ovusu isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: