Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlığı davam etdirən “İmişli” bu gün növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, elita təmsilçisi bu gün “Karvan”la üz-üzə gəlib.
Yevlax şəhər stadionunda baş tutmuş bu görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol vurublar – 1:1. İmişlinin eyniadlı təmsilçisinin yeganə qolunu Seyxan Fərəcov vurub.
Bu, “İmişli”nin yay fasiləsi dönəmindəki dördüncü yoxlama görüşü idi. Əyalət təmsilçisi daha öncə “Qarabağ”ın əvəzedici komandasına 5:2 hesabıyla qalib gəlmişdi. “Şəfa” və “Araz-Naxçıvan”a qarşı keçirilmiş yoxlama görüşlərində isə qalib müəyyənləşməmişdi. Hər iki oyun 2:2 hesabıyla yekunlaşmışdı.
Elita təmsilçisi daha üç yoxlama oyunu keçirməyi planlaşdırır. Bu komanda iyulun 31-də “Qəbələ”, avqustun 3-də isə “Sumqayıt”la yoxlama oyunları keçirəcək. Hazırlıq çərçivəsində sonuncu yoxlama görüşü avqustun 8-də Bakıda baş tutacaq. Həmin oyundakı rəqib hələ müəyyənləşməyib.


