Futbol üzrə Azərbaycan çempionatında 2025/26 mövsümünün qalibi “Sabah” tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.
Arena.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsindən sonra rəsmiləşib.
Finlandiyanın KuPS komandasını mübarizədən kənarlaşdırmış (1:0, 2:0) Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinə yüksəlib. Bununla da paytaxt təmsilçisi qitə kuboklarından birinin liqa mərhələsində yerini təmin edib. Komandanın UEFA Çempionlar Liqası, Avropa Liqası və ya UEFA Konfrans Liqasında oynayacağı növbəti iki mərhələdən sonra dəqiqləşəcək.
Qitə miqyaslı turnirlərdə 2023/2024-cü illər mövsümündə debüt etmiş “Sabah” buna avrokuboklardakı 4-cü mövsümündə nail olub. Sözügedən klub Azərbaycan futbolu tarixinə qitə kuboklarında əsas mərhələyə yüksələn 4-cü komanda kimi düşüb. Buna qədər üç komanda – “Neftçi”, “Qarabağ” və “Qəbələ” ümumilikdə 15 dəfə belə uğura imza atıblar.
“Neftçi” – 1 dəfə
Avropa Liqası – 2012/13
“Qarabağ” – 12 dəfə
Avropa Liqası – 2014/15
Avropa Liqası – 2015/16
Avropa Liqası – 2016/17
Çempionlar Liqası – 2017/18
Avropa Liqası – 2018/19
Avropa Liqası – 2019/20
Avropa Liqası – 2020/21
Konfrans Liqası – 2021/22
Avropa Liqası – 2022/23
Avropa Liqası – 2023/24
Avropa Liqası – 2024/25
Çempionlar Liqası – 2025/26
“Qəbələ” – 2 dəfə
Avropa Liqası – 2015/16
Avropa Liqası – 2016/17
“Sabah” – 1 dəfə
Avrokuboklar – 2026/27


