FIFA və UEFA arasında böyük qalmaqal

FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağa hazırlaşır.

Arena.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

İddiaya görə, İnfantino FIFA-nın kişi və qadınlar arasında dünya çempionatları, həmçinin klublararası dünya çempionatının kommersiya hüquqlarını idarə edəcək yeni şirkət yaratmağı planlaşdırır. Layihə çərçivəsində kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması nəzərdə tutulur.

Bildirilir ki, FIFA bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Trampın administrasiyasına yaxın şəxslərlə məsləhətləşmələr aparıb. Təşkilat təsdiqləyib ki, investorlar qrupuna Coşua Kuşnerin “Thrive Capital” şirkətinin rəhbərlik etməsi, “JP Morgan”ın isə maliyyə məsləhətçisi qismində çıxış etməsi gözlənilir.

Məlumata görə, FIFA-ya üzv olan 211 milli assosiasiyanın hər biri təxminən 20 milyon dollar dəyərində pay əldə edə bilər. İnfantinonun isə yaradılacaq yeni şirkətdə komissar vəzifəsini tutacağı bildirilir.

UEFA-dan sərt bəyanat

İnfantinonun bu planı Avropada böyük etirazla qarşılanıb. Belə ki, UEFA bu planı kəskin tənqid edib.

“Bu, futbolu idarə edən qurumların heç vaxt keçməməli olduğu sərhəddir. Futbolun ruhu və idarəçiliyi alınıb-satılan aktiv deyil. Xüsusilə də maliyyə baxımından bundan kimin faydalanacağı barədə tam şəffaflıq olmadığı halda. Heç birimiz futbolun sahibi deyilik və FIFA da onu satmaq hüququna malik deyil”, – deyə UEFA-nın bəyanatında bildirilir.

İnfantino isə layihəni müdafiə edərək bildirib ki, futbolun böyük kommersiya dəyəri onun qlobal inkişafına xidmət etməlidir:

“Futbol dünyanın ən populyar idman növü və sosial inkişafın mühüm hərəkətverici qüvvəsidir. Bu populyarlığın yaratdığı kommersiya dəyərinin qorunmasını istəyirik. Məqsədimiz futbolun bütün istiqamətlərinin davamlı və inklüziv inkişafını təmin etməkdir”, – deyə İnfantino vurğulayıb.

Bu arada “Politico” nəşri Avropa Parlamentinin bir sıra deputatlarının da təşəbbüsü “absurd” adlandırdıqlarını yazıb. Onlar hesab edirlər ki, idman maliyyə bazarlarının məntiqinə tabe olmamalıdır.

Nəşrin məlumatına görə, Avropa Parlamentində Canni İnfantinonun dinləmələrə dəvət olunması məsələsi müzakirə edilir.

Bundan əlavə, “Sky Sports”un məlumatına əsasən, UEFA-ya üzv milli assosiasiyaların nümayəndələri məsələ ilə bağlı bu həftə fövqəladə iclas keçirəcəklər.

Xatırladaq ki, DÇ-2026-da ilk dəfə 48 milli komanda iştirak edib. İnfantino daha əvvəl gələcəkdə mundial iştirakçılarının sayının 64 komandaya çatdırılması ehtimalının da nəzərdən keçirilə biləcəyini açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: