UEFA DÇ-2026-da tətbiq olunan bu qaydaları dəstəklədi

UEFA-nın hakimlik departamenti və quruma üzv olan 55 milli assosiasiya IFAB-ın 2026/27 mövsümü üçün oyun qaydalarındakı dəyişiklikləri dəstəkləyib.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Onlayn formatda keçirilən iclasda IFAB-ın nümayəndəsi də iştirak edib.

UEFA-nın hakimlik məsələləri üzrə direktoru Roberto Rozetti qəbul edilən qərarların oyun qaydalarının daha ardıcıl tətbiqinə kömək edəcəyini bildirib:

“Oyun qaydalarının daha ardıcıl tətbiqinə yönəlmiş tövsiyələrin bütün 55 milli assosiasiya ilə razılaşdırılması mühüm mərhələdir. Bu, futbolçulara, klublara, azarkeşlərə və bütün maraqlı tərəflərə hakim qərarlarını daha yaxşı anlamağa kömək edəcək. Futbolun populyarlığı üçün hər hansı şübhələri aradan qaldırmaq və qaydaların aydın şəkildə tətbiqini təmin etmək son dərəcə vacibdir”, – deyə Rozetti vurğulayıb.

2026-cı il dünya çempionatında oyunun tempini artırmaq məqsədilə bir sıra yeni qaydalar tətbiq edilmişdi:

  • Aut atışının gecikdirilməsi zamanı 5 saniyəlik vizual geri sayım tətbiq olunur.
  • Əvəzetmə zamanı meydanı tərk edən futbolçu bunu 10 saniyə ərzində etməlidir. Bu müddət aşılarsa, əvəzləyici futbolçu bir dəqiqə keçdikdən sonra oyunun ilk dayanmasına qədər meydana buraxılmır.
  • Qapı zərbəsinin yerinə yetirilməsi gecikdirildikdə də 5 saniyəlik vizual geri sayım tətbiq edilir. Müddət bitərsə, rəqib komandaya künc zərbəsi verilir.

UEFA bildirib ki, bu dəyişikliklərin əsas məqsədi oyunun daha sürətli bərpa olunmasını təmin etmək, lüzumsuz fasilələri azaltmaq, futbolun bütövlüyünü qorumaq və matçların baxımlılığını yüksəltməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: