“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasının 2-ci raundunda Minsk “Dinamo”suna qarşı keçirəcəkləri cavab oyunundan danışıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Belarus komandaları arasındakı cavab görüşü sabah Bolqarıstanın Zaqora şəhərindəki “Beroe” stadionunda baş tutacaq.
Yuri Vernidub bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk oyunda məğlub olmuşuq. Belə oyunlardan sonra psixoloji zərbə almış oluruq. Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik. Əgər xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq. Buna görə də sabahkı oyunu gözləyirik. Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim səlahiyyətimdədirlər. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah “Neftçi”yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar”.
Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk oyunda “Dinamo” qalib gəlib – 4:2. Cavab matçına sabah Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


