“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Payde”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, Estoniyada baş tutmuş ilk oyunda 0:1 hesabıyla uduzmuş “Zirə” Sumqayıtdakı cavab görüşündə 1:1 hesablı heç-heçə ilə kifayətlənərək mübarizəni dayandırıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyun barədə uzun-uzadı danışmaq çox çətindir. Məyusedici məğlubiyyət oldu. Mərhələni keçə bilmədik. Hər şey göz qabağındadır. Erkən qol vurduq, çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Buna istifadə edə bilmədik də demək olmur. Top dirəkdən, rəqib müdafiəçidən, qapıçıdan qayıdır. 3-4 oyuna sığacaq qədər qol epizodu yaratdıq. Təəssüf ki, top qapıdan keçmək istəmirdi. Belə olan halda da baxırsan ki, çox vaxt məğlub olursan. Bu gün də elə oldu. Gedişat onu göstərirdi ki, qol vura bilməyəcəyik, rəqib mərhələni keçən tərəf olacaq. Rəqibi təbrik edirəm, növbəti oyunlarda onlara uğurlar arzulayıram. Hər iki oyuna görə mərhələni keçməyə layiq tərəf biz idik. Amma təəssüf ki, iki oyundakı çoxsaylı qol epizodlarını, böyük üstünlüyü nəticəyə çevirə bilmədik”.
“Payde”nin baş məşqçisi Tarmo Kink də matçdan sonra fikirlərini bölüşüb:
“Burada heç bir sirr yoxdur. Biz birlikdə mübarizə apardıq və qalib gəldik. Sonadək döyüşdük və istəyimizə çatdıq. Yaxşı qapıçımız və güclü müdafiəçilərimiz var. Bəzən elə oyunlar olur ki, rəqib daha çox hücum edir, amma istədiyi nəticəni əldə edə bilmir”.
Baş məşqçi avrokuboklarda növbəti mərhələyə yüksəlməyin onun üçün xüsusi hisslər yaratdığını da vurğulayıb:
“Hazırda tamamilə yeni hisslər keçirirəm. Avrokuboklarda növbəti mərhələyə yüksəlmək bizim üçün yeni bir tarixdir. Hesab edirəm ki, bununla kifayətlənməməli və irəli getməyə davam etməliyik”.


