Mahir Emreli oynadı, “Rakuv” 3-cü raunda yüksəldi

Futbol üzrə Azərbaycan millisinin cinah hücumçusu Mahir Emreli Polşanın “Rakuv” komandasının heyətində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Malta təmsilçisi “Valletta” ilə cavab oyununun iştirakçısı olub.

“Rakuv” doğma meydanda 3:1 hesabıyla qalib gəldiyi bu rəqibinə səfərdə 4 cavabsız qol vurub. Mahir görüşün 68-ci dəqiqəsində meydana buraxılıb.

Beləliklə, hər iki oyunda qalib gəlmiş Polşa klubu növbəti raunda yüksəlib. “Rakuv” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində İsveçin “Hammarbü” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da Polşada, cavab görüşü ayın 13-də İsveçdə keçiriləcək.

Xatırladaq ki, “Rakuv” Mahiri bir neçə gün öncə Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. O, Polşa komandasının heyətində 3 oyuna çıxıb, 1 qol vurub.

Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 61 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: