“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ÇSKA-ya (Sofiya) qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan komandalarının Bakıdakı ilk görüşü kimi, cavab oyununda da qapılara qol vurulmayıb.
Penaltilər seriyasında 5:4 üstün olan ÇSKA növbəti mərhələyə yüksəlib. Qurban Qurbanov komandasının mərhələ adlaya bilməməsinə belə aydınlıq gətirib:
“Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun oldu. Güclü komandaya qarşı çıxış etdik. Eyni səviyyədə olan iki kollektiv üz-üzə gəldi. Nəticə də bunu göstərdi. Futbolçularım böyük xarakter göstərdilər. Onların oyuna yanaşmalarından çox razı qaldım. Artıq qarşıdakı matça hazırlaşacağıq. Əlbəttə, 120 dəqiqəlik mübarizə bir az yorucu oldu. Futbolçularımız buna tam hazır deyildilər. Ancaq azarkeşlər üçün maraqlı mübarizə alındı. Onlar oyundan həzz aldılar”.


