Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və quruma üzv olan 55 milli assosiasiya FIFA-nın keçirdiyi turnirləri boykot etmək qərarı qəbul edib.
Arena.az bu barədə Avropanın ali futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, bu, FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planına etiraz olaraq atılmış addımır. Qurumun yaydığı bəyanatda dünya çempionatının kommersiya investisiyası kimi qiymətləndirilə bilməyəcəyi vurğulanıb:
“UEFA və üzv olan bütün 55 assosiasiya yekdilliklə FIFA-nın dünya çempionatı və digər turnirlərin mülkiyyət hüquqlarının özəl investorlara verilməsi ilə bağlı təklifini rədd edir. Dünya çempionatı nəsillər boyu futbolçular, milli komandalar və azarkeşlər tərəfindən yaradılmış irsdir. Onun heç bir hissəsi satıla bilməz”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, daha əvvəl “The Times” nəşri FIFA prezidenti Canni İnfantinonun dünya çempionatı və klublararası dünya çempionatının kommersiya hüquqlarını idarə edəcək yeni şirkət yaratmaq niyyətində olduğunu yazmışdı. Bu isə dünya futbolunda böyük qalmaqala səbəb olub.


