FIFA UEFA-nın etirazına cavab verdi: “DÇ satılmır”

FIFA dünya çempionatının kommersiya hüquqlarının özəl investorlara satılması ilə bağlı yaranmış müzakirələrə münasibət bildirib.

Arena.az bu barədə qurumun rəsmi açıqlamasına istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, yaradılması planlaşdırılan “FIFA Forward Enterprise” (FFE) şirkətində investorlar yalnız azlıq payına sahib olacaqlar və ali futbol qurumunun idarəçiliyinə heç bir təsir göstərə bilməyəcəklər:

“İnvestorlar FIFA Şurasında təmsil olunmayacaq, Konqresdə səsvermə hüququ əldə etməyəcək və dünya çempionatının formatı, keçirilmə tezliyi və ya digər idman qərarlarına təsir edə bilməyəcəklər. Bu səlahiyyətlər tam şəkildə FIFA və onun 211 üzv assosiasiyasında qalacaq”, – deyə açıqlamada bildirilib.

Ali futbol qurumundan bildirilib ki, məqsəd dünya çempionatını satmaq deyil, əldə olunacaq əlavə gəlirləri futbolun inkişafına yönəltməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: