Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində azərbaycanlı futbolçu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kru” ilə qarşılaşıb.
“Vağlar” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıblar – 2:2. Messi 53-cü dəqiqədə meydana buraxılsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Nəriman Axundzadənin adı isə ümumiyyətlə bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 18 oyundan sonra 38 xalla 2-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 18 oyunda 11 qələbə qazanıb, 5 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
“Kolumbus Kru” isə 18 oyunda cəmi 20 xal toplayıb və 11-ci sırada yer alıb. Nərimanın komandası 5 qələbə qazanıb, 5 heç-heçə edib və 8 məğlubiyyət görüb.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 17 oyuna çıxıb, 13 qol vurub, 7 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 105 oyun, 90 qol və 51 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.


