“Sabah” və “Qarabağ”ın pley-offdakı rəqibləri bəlli olur

Bu gün “Sabah” və “Qarabağ” komandalarının avrokubokların cari mövsümündəki növbəti potensial rəqiblərinin adlarına aydınlıq gələcək.

Arena.az xəbər verir ki, həm UEFA Çempionlar Liqasında, həm Avropa Liqasında, həm də Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində əvvəlcə Azərbaycan çempionu “Sabah”ın potensial rəqibi müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv ilk təsnifat mərhələsində Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiyanın KuPS komandasını (1:0, 2:0) iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

Komanda 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

Daha sonra Avropa Liqasında və Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Mərasimdə “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək.

Avrokuboklarda mübarizəyə Avropa Liqasında start verən Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 1-ci təsnifat mərhələsində “Vestri” (İslandiya) komandasını iki oyunun nəticəsinə (3:0, 3:0) əsasən məğlub edib. 2-ci təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, penaltilər 4:5) nəticəsinə əsasən uduzan komanda yoluna Konfrans Liqasında davam edir. Ağdam təmsilçisi bu turnirin 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki turnirdə ilk oyunlar avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: