2026/2027-ci illər mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Səbail” komandanın sabiq kapitanı Rahid Əmirquliyev ilə anlaşıb.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, klub Əmirquliyevi yenidən heyətinə cəlb edib. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Rahid Əmirquliyev 2018–2023-cü illərdə məhz “Səbail”in şərəfini qoruyub. O, bu komandanın kapitanı kimi klubun uğurlarında mühüm rol oynayıb.
Təcrübəli yarımmüdafiəçi karyerası ərzində Azərbaycan çempionatları tarixində 451 oyun keçirib. O, “Səbail”in heyətində isə 120 rəsmi qarşılaşmada meydana çıxıb.
Əmirquliyev “Səbail”in heyətində Azərbaycan Premyer Liqasında 100 oyun keçirmiş ilk futbolçu kimi tarixə düşüb. O, bu əlamətdar göstəriciyə 5 dekabr 2022-ci ildə “Qəbələ” ilə keçirilmiş çempionat oyununda nail olub.
Rahid karyerarı ərzinsə “Xəzər Lənkəran” və “Qarabağ”ın da formasını geyinib. “Səbail”dən ayrılandan sonra isə o, yetirməsi olduğu “Şahdağ”a qayıtmışdı.


