UEFA, futbol üzrə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində sarı vərəqələrə görə diskvalifikasiya limitini artırıb.
Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Artıq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Liqa mərhələsində oyunçular və komanda rəsmiləri silinmə ilə nəticələnməyən 4 sarı vərəqə aldıqdan sonra növbəti matçı buraxacaqlar. Bundan sonra diskvalifikasiya hər növbəti cüt saylı sarı vərəqəyə görə tətbiq olunacaq — 6-cı, 8-ci və s.
Avrokubokların təsnifat mərhələlərində isə qaydalar əvvəlki kimi qalır: silinmə ilə nəticələnməyən 3 sarı vərəqədən sonra diskvalifikasiya tətbiq olunur. Bundan sonra isə hər növbəti tək saylı sarı vərəqə — 5-ci, 7-ci və s. — futbolçunun cəzalanmasına səbəb olur.
UEFA dəyişiklikləri 2024/2025-ci illər mövsümündən tətbiq olunan avrokubokların yeni formatı ilə əlaqələndirib. Çempionlar Liqası və Avropa Liqasının liqa mərhələsində oyunların sayının 8-ə çatdırılması sarı vərəqələrin toplanması səbəbindən diskvalifikasiyaların daha tez-tez baş verməsinə səbəb olub.
Yeni qaydaların oyunların sayı ilə yol verilən xəbərdarlıqların sayı arasında balansı qorumağa kömək edəcəyi bildirilir.


